46. əl-Əhqaf

Last Updated: Dekabr 1st, 2022|Views: 144|10,1 min read|
bismillahir-rahmanir-rahim
  1. Ha, Mim!
  2. Bu Kitab qüdrətli və hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
  3. Biz göyləri, yeri və onların arasındakıları yalnız haqqa aparan bir vasitə olaraq və müəyyən bir müddət üçün yaratdıq. Ancaq kafirlər xəbərdar edildikləri şeylərdən üz döndərirlər.
  4. De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”
  5. Allahı qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən və dualarından xəbərsiz olanlara sitayiş edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?!
  6. İnsanlar bir yerə toplanacaqları zaman (müşriklər) onlara (sitayiş etdikləri bütlərə) düşmən kəsiləcək və onlara sitayiş etdiklərini inkar edəcəklər.
  7. Ayələrimiz kafirlərə açıq-aydın oxunduqda və haqq olan (Quran) gəldikdə onlar: “Bu, açıq bir sehrdir!” – dedilər.
  8. Yoxsa: “Onu özündən uydurmuşdur!” – deyirlər?! De: “Əgər onu özümdən uydurmuşamsa, onda Allahdan (gələcək əzaba qarşı) məni heç cür qoruya bilməzsiniz. O, sizin (Quran barəsində) etdiyiniz dedi-qoduları çox yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, bağışlayandır, rəhmlidir”.
  9. De: “İlk peyğəmbər mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”.
  10. De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Salamdır.)
  11. Kafirlər iman gətirənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, – deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” – deyəcəklər. (İslamı ilk qəbul edənlər əsasən kölələr, kasıblar və acizlər olduğu üçün Qüreyş qəbiləsinin öndərləri İslamın xeyir gətirmədiyini və bunun da İslam dinini qəbul edənlərin səviyyələrindən bəlli olduğunu iddia etmişdilər. Yuxarıdakı ayədə onların bu hərəkətlərinə işarə edilir.)
  12. Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
  13. Şübhəsiz ki: “Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
  14. Onlar cənnət əhlidirlər. Etdikləri əməllərin mükafatı olaraq orada əbədi qalacaqlar.
  15. Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
  16. Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz və günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu, onlara verilmiş haqq bir vəddir.
  17. Ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz (yenidən dirildilib qəbirdən) çıxardılacağımla məni təhdid edirsiniz?” – deyənə onlar: “Vay sənin halına! İman gətir! Həqiqətən, Allahın vədi haqdır”, – deyərək Allahdan yardım istəyərlər. Ancaq o: “Bu yalnız əvvəlkilərin əfsanələridir”, – deyər.
  18. Onlar özlərindən əvvəl gəlib-keçmiş cinlərdən və insanlardan ibarət millətlər arasında haqlarında əzab sözü vacib olmuş kimsələrdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır.
  19. Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah onlara əməllərinin əvəzini tam verəcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
  20. Kafirlər cəhənnəmin qarşısına gətirildikləri gün (onlara belə deyiləcək): “Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə və haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
  21. Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)
  22. Onlar: “Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” – dedilər.
  23. Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
  24. Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” – dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
  25. O külək, Rəbbinin əmri ilə hər şeyi məhv edər. Beləcə, onların evlərindən başqa heç bir şey qalmadı. Biz günahkar qövmü belə cəzalandırırıq.
  26. Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər və qəlblər vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü.
  27. Biz sizin ətrafınızdakı (Səmud və Ad kimi) məmləkətləri də məhv etdik. Bəlkə (haqq yola) qayıdalar deyə ayələri (dəlilləri) təkrar-təkrar bəyan etdik.
  28. Bəs Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara yardım etməli deyildimi?! Əksinə, (o bütlər) onları qoyub getdilər. Bu, onların böhtanları və uydurmalarıdır.
  29. Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” – demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəlmişdilər. Onlar Quranı dinlədikdən sonra onu təbliğ etmək məqsədilə öz tayfalarının yanına qayıtmışdılar.)
  30. Onlar belə dedilər: “Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və doğru yola yönəldən bir Kitab dinlədik.
  31. Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, O sizin günahlarınızı bağışlasın və sizi şiddətli əzabdan qorusun.
  32. Kim Allahın dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”.
  33. Göyləri və yeri yaradan, bunları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu dərk etmirlərmi? Bəli! Şübhəsiz ki, O, hər şeyə qadirdir.
  34. Kafirlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün (onlara belə deyiləcək): “Bu, həqiqət deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir)!” – deyə cavab verəcəklər. Allah: “Elə isə, inkar etdiyinizə görə dadın əzabı!” – deyəcəkdir.
  35. Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Yuxarıdakı ayədə ifadə edilən “ülül-əzm peyğəmbərlər” ilə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa və Həzrət Mühəmməd nəzərdə tutulur. Çünki bu peyğəmbərlər şəriət sahibi olmuş, din yolunda böyük əziyyətlərə məruz qalmış və bu yolda səbat göstərmişlər.)